Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu

Müstəqil Azərbaycan Respublikasının elmi-texniki tərəqqisi yolunda xüsusi yeri və rolu olan qocaman elm ocaqlarından biri-Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu (AzDƏMTTETİ) 1928-ci ildə yaradılmışdır. Elə o vaxtdan əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə ixtisaslaşmaqla öz inkişafına başlamışdır. Keçmişdə Ümumittifaq Neft Elmi-Tədqiqat Təhlükəsizlik Texnikası İnstitutu adlanan 90 ildən artıq tarixi olan bu İnstitut, Ümumittifaq miqyasında şöhrət qazanmış və uzun illər istehsalatda təhlükəsizlik məsələləri üzrə fəaliyyət göstərmişdir.
SSRİ Xalq Komissarları Şurasının 23 noyabr 1928-ci il tarixli qərarına əsasən Təhlükəsizlik Texnikası üzrə Bakı Elmi-Tədqiqat İnstitutu yaradılmışdır.
1944-cü ildə İnstituta Ümumittifaq Neft Elmi-Tədqiqat İnstitutu adı verilmiş və elə həmin dövrdən də İnstitut neft sənayesində təhlükəsizlik texnikası və əməyin mühafizəsinə dair normativ sənədlərin işlənməsi üzrə mərkəz kimi fəaliyyət göstərməyə başlamışdır. 1948-ci ildən etibarən İnstitut maşınqayırma və dağ mədən obyektlərində təhlükəsizlik texnikası məsələləri ilə məşğul olmağa başlamışdır.
Azərbaycan Respublikasının Prezdenti İlham Əliyev cənablarının 16 dekabr 2005-ci il tarixli Sərəncamı ilə yaradılmış Fövqəladə Hallar Nazirliyinin tərkib hissəsi olan Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu Nazirliyin strukturuna daxil edilmişdir.
İnstitutda neft sənayesində qəza hadisələrinin qarşısının alınması və profilaktik tədbirlərin aparılması zamanı istifadə oluna biləcək müxtəlif tərtibatlar və qurğular işlənilmişdir. Elmi-tədqiqat işlərinin aparılması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən müasir tələblərə cavab verən avadanlıq və cihazlar alınmış, İnstitut struktur bölmələri kompüter texnikası ilə təchiz edilmişdir.
İnstitutda 650-dən çox normativ-texniki sənədlər, o cümlədən qaydalar, standartlar, normalar, metodikalar və Təlimatlar işlənilmiş, 1100-dən artıq monoqrafiyalar, kitab və broşüralar nəşr olunmuşdur.
Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu sənaye və dağ-mədən sahələrində texniki təhlükəsizliyin və əməyin mühafizəsinin təmin edilməsi üzrə elmi-texniki, metodiki xidmətlər göstərən, həmçinin texniki normativ hüquqi aktların və digər sənədlərin hazırlanması istiqamətlərində fəaliyyət göstərən təsərrüfat hesablı qurumdur.
İnstitutun fəaliyyət istiqamətləri aşağıdakılardır:
1.Sənaye, dağ-mədən və digər xidmət sahələrinin layihə sənədləri, təhlükə potensiallı obyektlərdə istifadə olunan avadanlıqların və texniki qurğuların, təhlükəsizlik bəyannamələrinin və texniki təhlükəsizlik bəyannamələrinin texniki təhlükəsizlik üzrə ekspertizası;
2.Sənaye, dağ-mədən sahələrində texniki təhlükəsizliyin və əməyin mühafizəsinin təmin edilməsi üzrə texniki normativ aktların, o cümlədən qaydaların, metodiki sənədlərin, təlimatların, istehsalat sanitariyası və gigiyenası ilə əlaqədar olan sənədlərin hazırlanması və elmi-tədqiqat işlərinin aparılması;
3.Müxtəlif tipli vışkaların (qazma, istismar, teleskopik, dor) dağıdıcı olmayan üsulla sınağı;
4.Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğu və avadanlıqlarda dağıdıcı olmayan üsullarla diaqnostikası (maqnit tozu, ultrasəs, nüfuzedici maye və vizual nəzarət);
5.Təhlükəli yük daşıyan avtonəqliyyat vasitələrin yuyulması və deqazasiyası;
6.Təhlükəli yük daşıyan avtonəqliyyat vasitələrinin texniki müayinəsi;
7.Texnoloji və digər mexaniki nəqliyyat vasitələrinin texniki müayinəsi;
8.Təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin mütəxəssisləri və işçiləri üçün əməyin mühafizəsi və təhlükəsizlik texnikası normaları və qaydaları üzrə təlim kurslarının təşkili;
9.Təhlükə potensiallı obyektlərdə istismar olunan qurğu və avadanlıqların pasportlarının və istismar təlimatlarının bərpası;
10.İş yerlərinin attestasiyası;
11.Təhlükəsizlik bəyannamələrinin (hidrotexniki qurğular) və texniki təhlükəsizlik bəyannamələrinin (quruda yerləşən) işlənilməsində texniki yardımın göstərilməsi.
Sonda qeyd etmək istərdik ki, iş fəaliyyətimizin gələcəkdə daha böyük uğurlara imza atacağına və qarşıda duran öhtəliklərə dair yüksək nəticələr əldə edəcəyimizə ümidlə inanırıq.