Çınqıllı bulaq

“Çınqıllı bulaq” MMC iki istiqamətdə fəaliyyət göstərir – çörəkbişirmə və bulaq suyu istehsalı. Şahbuz rayonunun ucqar dağ kəndində – Keçilidə fəaliyyət göstərən MMC-nin direktoru Rəsul Əsgərovla söhbət zamanı öyrəndik ki, müəssisə 2007-ci ildə yaradılsa da, 2009-cu ildə fəaliyyətə başlayıb. MMC-nin sudoldurma sexində müalicəvi əhəmiyyətə malik eyniadlı təbii bulaq suyu istehsal edilir. “Çınqıllı” suyu kəndin yuxarı hissəsindən 3 kilometrlik məsafədən sexə gətirilir.
Son vaxtlara qədər bu sexdə əl əməyindən istifadə olunurdu. Lakin Sahibkarlığa Kömək Milli Fondundan alınan güzəştli kredit hesabına Çin Xalq Respublikasından müasir standartlara uyğun avadanlıqlar gətiriləndən sonra bu çətinlik aradan qaldırılıb. Paslanmayan borular vasitəsilə müəssisəyə gətirilən su burada ionlaşdırıldıqdan sonra sudoldurucu aparata verilir. Həmin aparatda plastmas şüşələr ionlaşmış su ilə yuyulur, doldurulur, bağlanır, xüsusi ötürücü vasitəsilə etiketlənir. Hazır məhsula istehsal və son istifadə tarixi vurulduqdan sonra qablaşdırılaraq anbara yığılır. Müəssisədə saatda 3000 şüşə su istehsal etmək mümkündür.
Müəssisənin məhsulları son vaxtlara qədər yalnız muxtar respublikanın ticarət obyektlərinə göndərilirdi. Hazırda isə sifariş əsasında Bakıya göndərilməsinə də başlanılıb. “Çınqıllı” MMC istehsal gücünü artırmaqla qarşıdakı illərdə qonşu dövlətlərə də məhsul ixrac etməyi planlaşdırır.
MMC-də çalışanlara hərtərəfli iş şəraiti yaradılıb. Yuyunma otağı, yeməkxanası olan müəssisədə fəhlələr gündə bir dəfə pulsuz yemək və mövsümi iş paltarları ilə təchiz olunurlar.
Tədqiqatçı Feyruz Bağırovun “Naxçıvanın təbii sərvətləri” kitabında yazılır ki, muxtar respublikada 200-dən artıq mineral bulaq var. Bütün Azərbaycanda olan mineral suların 35 faizi Naxçıvan Muxtar Respublikasının ərazisindədir. Şahbuz rayonunda isə 50 mineral bulaq var ki, onlardan biri də məhz “Çınqıllı” bulaqdır. Ən yüksək səviyyədə təchiz olunmuş laboratoriyalarda aparılmış analizlərin nəticələrinə görə, “Çınqıllı” suyundakı mikroelementlər və minerallar həzmə müsbət təsir edir, suyun yüngüllüyü, codluğunun azlığı orqanizmdə yaxşı mənimsənilməsinə və ümumi metabolizmə, fiziki-kimyəvi proseslərə yüksək təsir göstərir.